Dünya gücləri bu vəhşiliyə hələ də susur Xalqımız son iki yüz il ərzində dəfələrlə erməni daşnaklarının etnik təmizləmə, soyqırım siyasətinin acı nəticələri ilə üzləşib. Bu mənada Xocalı faciəsi qəddarlığı, vəhşiliyi ilə dünya soyqırım tarixinə qanlı hərflərlə yazılıb. Təsadüfi deyil ki, ümummilli lideri Heydər Əliyev Xocalı faciəsini insanlıq tarixində ən qorxulu, kütləvi terror aktlarından biri kimi xarakterizə etmişdir. 1988-ci ildən başlayaraq, bütün beynəlxalq hüquq normalarına zidd mövqe nümayiş etdirən Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə Azərbaycan xalqına qarşı bütün vəhşilikləri özündə ehtiva edən təcavüzkar əməllər törətməyə başladı. Və nəticə etibarilə XX əsrin sonunda təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı ən qəddar cinayət aktı törətdi. Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə eyni sırada dayanır. Ermənilərin bu cinayəti törətməkdə məqsədi Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək niyyətindən irəli gəlirdi. Belə ki, Xocalı elə bir coğrafi məkandır ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirir. Xocalıda aparılan qazıntılar zamanı aşkar edilən kurqanlar və digər abidələr, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələri məhv edilmiş və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı texnika vasitəsilə tamamilə yer üzündən silinmişdir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Şəhərə hücum zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi hələ də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Bu qanlı terror aktında keçmiş Sovet Ordusunun 366-cı alayı da iştirak etmişdir. O müdhiş günün şahidlərinin dediklərinə görə "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə insanlar ermənilər tərəfindən diri-diri yandırılıblar. Digər 4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başları kəsilib. Daha 2 azərbaycanlının gözləri çıxardılıb. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçiriblər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş güllələrdən və kimyəvi silahlardan istifadə edilmişdir. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapır. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Azərbaycandan başqa, Xocalı soyqırımını tam səviyyədə qətliam kimi, yalnız Pakistan və Sudan tanıyır. Dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib. Heç şübhəsiz ki, erməni vandallarının törətdikləri bütün bu vəhşiliklər cavabsız qala bilməzdi. Və gün gəldi ki, xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “dəmir yumruq” kimi birləşərək 27 sentyabr 2020- ci il tarixində torpaqlarımız uğrunda azadlıq mücadiləsinə qalxdı. 44 günlük müharibədə şanlı ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbə Xocalı sakinləri də daxil, bütün millətimizin ürəyinə, sözün əsil mənasında su çilədi. Şəhidlərimizin qisası birəbir alındı, şanlı ordumuzun ağılasığmaz qələbələri sayəsində qisas qiyamətə qalmadı. Bu qanlı döyüşlərdə Xocalı soyqırımını törədən yüzlərlə terrorçu məhv edildi və əsir götürüldü. Xocali sakinləri artıq öz doğma yurd-yuvalarına qayıdacaqları günü böyük intizarla gözləyirlər. Gün gələcək xarabazarlığa çevrilmiş ərazilərdə Ali Baş Komandan lham Əliyevin rəhbərliyi altında böyük quruculuq işləri aparılacaq, həyat əvvəlki axarına qayıdacaq. O, “böyük qayıdış günü” çox da uzaqda deyil. Şeyda ƏZİZOVA,“Aranmedia” qəzetinin baş redaktoru